Xəbərlər
2026-10-02 16:30:00
“Korrupsiyaya qarşı mübarizə və şəffaf idarəetmə prinsipləri” mövzusunda tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Korrupsiyaya qarşı mübarizə və şəffaf idarəetmə prinsipləri” mövzusunda tədbir keçirilib.
Nazirliyin Daxili nəzarət və audit sektorunun əməkdaşları Əyyubzadə Eyyub, Rəşad Rzayev və Araz Xəlilov çıxış edərək korrupsiyaya qarşı mübarizənin yalnız aşkar edilmiş hüquq pozuntularına münasibətdə tədbirlərin görülməsi ilə məhdudlaşmadığını bildiriblər. Qeyd olunub ki, bu sahədə əsas istiqamətlərdən biri korrupsiya risklərinin əvvəlcədən müəyyənləşdirilməsi, həmin risklərin yaranmasına səbəb olan amillərin aradan qaldırılması və şəffaf idarəetmə mühitinin formalaşdırılmasıdır.
Çıxışlarda maliyyə və satınalma proseslərinin şəffaflığının təmin edilməsi, daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də dövlət qulluqçularının hüquqi və etik biliklərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə dövlət qulluğunda etik davranış prinsiplərinə riayət olunmasının korrupsiyanın qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, dövlət qulluqçuları fəaliyyətləri zamanı qanunçuluq, obyektivlik, qərəzsizlik, məsuliyyətlilik və dürüstlük prinsiplərini rəhbər tutmalı, maraqlar toqquşmasına yol verməməli və xidməti məlumatlardan şəxsi maraqları naminə istifadə etməməlidirlər.
Sonda korrupsiyaya qarşı mübarizənin səmərəli təşkili, şəffaflıq və hesabatlılığın təmin edilməsi, həmçinin dövlət idarəçiliyində etik prinsiplərin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Kopyala