Xəbərlər
2026-07-30 17:45:00
Ana dilində Rəqəmsal Təhsil” mövzusunda tədbir keçirilib
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ana dilində Rəqəmsal Təhsil” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi informasiya texnologiyaları sahəsi üzrə hazırlanmış dərsliklərin Azərbaycan dilində nəşrini təqdim etmək, ana dilində rəqəmsal təhsil resurslarının əlçatanlığını artırmaq və bu istiqamətdə görülən işləri ictimaiyyətə çatdırmaq olub.
Əvvəlcə iştirakçılar Tədris sektorunda istifadə olunan, Azərbaycan dilində hazırlanmış dərsliklər, tədris proqramları və maarifləndirici materiallardan ibarət sərgi ilə tanış olublar. Daha sonra tədbirin məqsədi və ana dilində rəqəmsal təhsil resurslarının hazırlanmasının əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov rəqəmsal dövrdə informasiya texnologiyaları üzrə müasir tədris vəsaitlərinin ana dilində hazırlanmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan dilində keyfiyyətli tədris resurslarının hazırlanması gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafına, milli təhsil resurslarının zənginləşdirilməsinə və rəqəmsal savadlılığın artırılmasına mühüm töhfə verir.
Nazir müavini bildirib ki, təlim proqramları və sertifikatlaşdırma sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bu məqsədlə təqdim olunan sertifikatların beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq davam etdirilir.
Daha sonra Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin direktoru Hüseyn Əsgərli ana dilində rəqəmsal təhsil istiqamətində həyata keçirilən layihələr və Cəmiyyət tərəfindən hazırlanmış elektron tədris sistemi barədə təqdimatla çıxış edib.
Təqdimatda qeyd olunub ki, müasir tələblərə uyğun hazırlanmış elektron tədris sistemi tədris və idarəetmə proseslərini vahid platformada birləşdirən 18 modullu rəqəmsal həll olmaqla, tələbələrin qeydiyyatı, elektron müqavilələrin hazırlanması, tədris qruplarının formalaşdırılması, əmrlərin tərtibi, dərs cədvəllərinin planlaşdırılması, davamiyyət və qiymətləndirmənin izlənilməsi, eləcə də hesabatların hazırlanmasını elektron qaydada həyata keçirməyə imkan verir. Platforma tədris prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə xidmət edir.
Tədbirdə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin əməkdaşları Ağa Rzabəyli və Həsən Cəfərov, həmçinin təlim proqramının iştirakçısı Nəzrin Ələkbərli çıxış edərək informasiya texnologiyaları sahəsində beynəlxalq təcrübəyə uyğun hazırlanmış Azərbaycan dilli müasir dərsliklər haqqında məlumat veriblər.
Qeyd edilib ki, hazırda 13 istiqamət üzrə – Windows, Microsoft Office proqramları, İT Helpdesk, Robototexnika və Süni İntellektin Əsasları, Kibertəhlükəsizlik, Sistem İnzibatçılığı, Kompüter Şəbəkələri, Adobe Photoshop, CorelDRAW, SMM və AutoCAD mövzularını əhatə edən dərsliklər hazırlanaraq istifadəyə verilib. Nəzəri biliklərlə yanaşı praktik tapşırıqları da özündə birləşdirən bu vəsaitlər Azərbaycan dilində rəqəmsal təhsil bazasının formalaşmasına, yerli İT mütəxəssislərinin hazırlanmasına və informasiya texnologiyaları sahəsində ixtisaslı kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. Dərsliklərdən həm çap, həm də elektron formatda istifadə etmək mümkündür.
Tədbir çərçivəsində Mərkəzin təlim, tədris və təcrübə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda ana dilində dərsliklərin hazırlanması və nəşrində əməyi olan əməkdaşlara təşəkkürnamələr təqdim olunub.
Kopyala