Xəbərlər
2026-06-17 18:00:00
Rəqəmsal mühitdə hüquqi məsuliyyət və sosial media etikası müzakirə olunub
"İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal mühitdə hüquqi məsuliyyət və sosial media etikası” mövzusunda tədbir keçirilib.
Tədbirdə hər iki qurumun və tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları iştirak ediblər. Çıxış edənlər rəqəmsal mühitdə hüquq və vəzifələrin qorunmasının vacibliyi, sosial şəbəkələrdən düzgün istifadənin əhəmiyyəti və bu sahədə hüquqi məsuliyyət məsələlərini diqqətə çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin direktor müavini Hüseyn Əsgərli “Rəqəmsal cəmiyyətdə kibertəhlükəsizlik və sosial media mədəniyyəti” mövzusunda çıxış edərək kibertəhlükələrin qarşısının alınması, şəxsi məlumatların qorunması və rəqəmsal etik davranış qaydalarından danışıb. O, çıxışında vurğulayıb ki, rəqəmsal məkan hər nə qədər geniş imkanlar açsa da, virtual aləmdə atılan hər bir addımın izinin qaldığını və bu sahədə informasiya gigiyenasına riayət etməyin vacibliyini unutmamaq lazımdır. Həmçinin, Hüseyn Əsgərli kiberhücumların sosial mühəndislik üsulları ilə həyata keçirildiyini qeyd edərək, vətəndaşları şübhəli keçidlərə daxil olmamağa və rəqəmsal resurslardan istifadə zamanı daha ehtiyatlı olmağa çağırıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin baş məsələhətçisi Elmar Vəliyev isə “Rəqəmsal dövrdə hüquqi məsuliyyət: sosial media istifadəsi və hüquq pozuntuları” mövzusunda çıxış edərək sosial mediada hüquq pozuntularının hüquqi nəticələri, vətəndaş məsuliyyəti və qanunvericiliyin bu sahədə tətbiqi barədə məlumat verib.
Tədbirin əsas məqsədi rəqəmsal platformalarda hüquqi savadlılığın artırılması, kibertəhlükəsizlik mədəniyyətinin təşviqi və sosial media etikası ilə bağlı maarifləndirmənin gücləndirilməsi olub.
Kopyala