Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Türkiyə Respublikasının Ankara şəhərində keçirilən Global Symposium for Regulators 2026 beynəlxalq tədbirində iştirak edib.
International Telecommunication Union (İTU) tərəfindən təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən tənzimləyici qurumların, dövlət təşkilatlarının, beynəlxalq institutların və aparıcı texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində rəqəmsal transformasiya, telekommunikasiya infrastrukturu, süni intellekt, kibertəhlükəsizlik və innovativ tənzimləmə yanaşmaları müzakirə olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini – nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov iştirak ediblər.
Tədbir çərçivəsində Bilgi Teknolojileri ve İletişim Kurumu rəhbərliyi, BTK Akademi, Türk Telekom, İTU və UPU nümayəndələri ilə görüş və müzakirələr aparılıb.
Görüşlər zamanı rəqəmsal inkişaf, telekommunikasiya infrastrukturu, GPON texnologiyalarının tətbiqi, rəqəmsal bacarıqların artırılması, kibertəhlükəsizlik, poçt-logistika sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda nümayəndə heyəti tədbir çərçivəsində təşkil olunan texnologiya sərgisi ilə tanış olub, innovativ həllər və müasir rəqəmsal texnologiyalar barədə təqdimatları izləyib.
Nazirlik tərəfindən qabaqcıl texnologiyaların öyrənilməsi və Naxçıvanda rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.