xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək. Söhbət, Grok 3.5-dən gedir. Hazırda bu versiya beta test mərhələsindədir və geniş ictimaiyyət üçün əlçatan deyil. Lakin SuperGrok abunəçiləri ona artıq gələn həftə erkən çıxış əldə edəcəklər. Rəsmi buraxılış tarixi hələ təsdiqlənməsə də, qarşıdakı yeniləmənin əsas xüsusiyyətlərindən biri Grok 3.5-in texniki suallara unikal cavablar verə bilməsi olacaq. Xüsusilə, Musk Grok-un yeni versiyasının elektrokimya və raket mühərrikləri kimi mürəkkəb elmi-texniki sahələrdə müəyyən dəqiqliklə işləmək qabiliyyətini vurğulayıb.
Grok 3.5 digər çat-botlardan suallara cavab formalaşdırma üsulu ilə fərqlənəcək. Belə ki, bir çox süni zəka çat-botları məlumat axtarışı üçün interneti skan edir və cavabları xarici mənbələrə əsaslanaraq toplayır, Grok 3.5 isə cavabları “sıfırdan yaradacaq” və “məntiqi düşünmə” modelindən istifadə edəcək. Bu isə o deməkdir ki, yaradılan cavablar potensial olaraq unikal ola bilər və internetdə artıq mövcud olan materiallardan götürülməyəcək.