"Konstitusiya və Suverenlik İli" çərçivəsində muxtar respublikaya aid poçt markalarının eskizlərinin hazırlanması üçün "Naxçıvanpoçt" tərəfindən 12 may-9 iyun tarixlərində elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqəyə təqdim olunan marka təkliflərini nəzərdən keçirən komissiya səs çoxluğu ilə layihələrin heç birinin bəyənilmədiyinə qərar verib.
Komissiya üzvləri tərəfindən aparılan təhlillər zamanı müəyyən edilib ki, göndərilən nümunələr müsabiqə şərtlərinə uyğun gəlmir. Belə ki, müsabiqə "Konstitusiya və Suverenlik İli"nə həsr olunsa da, təqdim olunan işlərin əksəriyyəti bu mövzu ilə birbaşa əlaqəli olmayıb, əsasən Azərbaycanın zəfər və anım günlərinə aid mövzuları əks etdirən dizaynlardan ibarət olub.
Qeyd edək ki, müsabiqənin məqsədi Naxçıvan Muxtar Respublikasına aid xüsusi poçt markalarının hazırlanması üçün ən yaxşı eskizlərin müəyyən edilməsi idi.
"Naxçıvanpoçt" müsabiqədə iştirak edən hər kəsə təşəkkür edir və gələcəkdə də oxşar layihələr həyata keçirməyi nəzərdə tutur.