OpenAI ChatGPT-də istifadəçilərə müxtəlif məhsulları birbaşa platforma üzərindən almağa imkan verəcək bir sistem tətbiq etməyi planlaşdırır. Bu sistem vasitəsilə sifarişləri birbaşa internet mağazalarının saytlarına keçid etmədən rəsmiləşdirmək mümkün olacaq. ChatGPT üzərindən sifariş qəbul edən satıcılar hər əməliyyat üçün OpenAI-ya komissiya ödəyəcəklər. Məlumata görə, bu yanaşma OpenAI-nin yeni monetizasiya strategiyasının bir hissəsidir. Şirkət indiyədək əsasən premium abunəliklər vasitəsilə gəlir əldə edirdi. Hazırda ChatGPT məhsulları göstərir və mağaza səhifələrinə keçid təklif edir, lakin yaxın gələcəkdə sistemə birbaşa ödəniş funksiyası əlavə oluna bilər. Layihə çərçivəsində OpenAI-nin tərəfdaşı aprel ayından əməkdaşlıq etdiyi Shopify adlı bulud əsaslı e-ticarət platforması olacaq.
Bu addım şirkət üçün həm pulsuz istifadəçilərdən gəlir əldə etməyə imkan yarada, həm də Google kimi axtarış sistemləri ilə rəqabəti gücləndirə bilər. Hazırda funksiya hələ hazırlanma mərhələsindədir və detalları dəyişə bilər. Hazırda ChatGPT-də məhsul tövsiyələri istifadəçilərin sorğularına, üstünlüklərinə və büdcələrinə əsasən formalaşdırılır. Lakin mağazaların göstərilmə ardıcıllığı hələlik üçüncü tərəf məlumat təminatçıları tərəfindən müəyyən edilir və nə qiymət, nə də çatdırılma şərtləri nəzərə alınmır. Bununla belə, şirkət bildirir ki, bu vəziyyət gələcəkdə dəyişə bilər. OpenAI və Shopify artıq brendlərlə şərtləri müzakirə etməyə başlayıblar və həmin brendlər ChatGPT vasitəsilə məhsulların irəlilədilməsi ilə bağlı təcrübələr aparır, məzmunlarını süni zəka alqoritmlərinə uyğunlaşdırırlar.
Yeni sistem AIO (çat-botlar üçün SEO-ya bənzər bir yanaşma) adını alıb. Eyni zamanda bəzi mütəxəssislər bildiriblər ki, bu tip dəyişikliklər ənənəvi axtarış reklamı modellərini zəiflədə və reklam agentliklərinin fəaliyyət prinsiplərini dəyişə bilər. Dekabr ayında OpenAI reklam yerləşdirməyi planlaşdırmadığını bildirsə də, şirkətin maliyyə direktoru Sarah Friar sonradan bu variantın da nəzərdən keçirildiyini etiraf edib. OpenAI-nın təsisçisi Sam Altman isə mart ayında açıqlamasında bildirib ki, şirkət məhsulların üstün şəkildə göstərilməsi üçün ödəniş almayacaq, lakin məsələn, Deep Research axtarış aləti vasitəsilə edilən alış-verişlərdən 2% kimi tərəfdaş komissiyası tətbiq edə bilər.