"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

"Arxivlərin transformasiyası: kağızdan rəqəmsala keçid” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dəstəyi ilə “Arxivlərin transformasiyası: kağızdan rəqəmsala keçid” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi müasir dövrdə arxivlərin rəqəmsallaşdırılması prosesinin aktuallığını vurğulamaq, mövcud problemləri müzakirə etmək və təcrübə mübadiləsinə şərait yaratmaqdır.
NMR Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov giriş sözü ilə çıxış edərək arxiv sistemlərinin modernləşdirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, rəqəmsallaşdırma texnoloji yenilənmə ilə yanaşı, həm də sənədlərin uzunmüddətli qorunması, informasiya təhlükəsizliyinin təmin olunması və ictimaiyyətə daha operativ çıxış imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Ardınca NMR Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov arxiv sənədlərinin qorunması, hüquqi tənzimləmə və beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra NMR Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Əli Qasımlı, NMR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Hüseynəliyev və Şahin İsmayılov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramovun çıxışları olmuş, mövzu ilə bağlı slaydlar nümayiş etdirilmişdir.
Çıxış edənlər arxivlərin rəqəmsallaşdırılmasının strateji və mədəni əhəmiyyət daşıdığını vurğulayıb, milli rəqəmsal arxiv standartlarının hazırlanması və informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, rəqəmsallaşdırmada istifadə olunan proqram təminatları və texniki vasitələr, kadr hazırlığı və rəqəmsal savadlılığın artırılması kimi məsələlər müzakirə olunub.
Tədbirin sonunda təklif və tövsiyələrdən ibarət rəy və fikirlər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.