Alət Microsoft AI bölməsi tərəfindən, DeepMind şirkətinin həmtəsisçisi Mustafa Suleyman-ın rəhbərliyi altında hazırlanıb və Microsoft AI Diagnostic Orchestrator (MAI-DxO) adlandırılıb. MAI-DxO “məlumat orkestratoru” üsulu ilə işləyir: 5 fərqli sahəyə ixtisaslaşmış süni zəka agentindən ibarət özünəməxsus konsilium yaradır. Bu agentlər bir-biri ilə qarşılıqlı əlaqə qurur, diaqnostik variantları müzakirə edir və birgə qərar qəbul edirlər. Financial Times-ın izahına görə, sistemin imkanlarını yoxlamaq üçün onu yalnız təcrübəli mütəxəssislərin diaqnoz qoya bildiyi New England Journal of Medicine jurnalında təsvir olunmuş 304 ən çətin klinik hal üzərində test ediblər.
Sınaqlarda “müzakirə zənciri” (chain-of-debate) adlanan yeni üsuldan istifadə olunub. Bu yanaşma alqoritmin düşüncə ardıcıllığını izləməyə və onun məntiqini şəffaf şəkildə anlamağa imkan verir. Əsas kimi OpenAI, Meta, Anthropic, Google, xAI və DeepSeek şirkətlərinə məxsus böyük dil modelləri istifadə olunub. Ən yaxşı nəticəni OpenAI şirkətinin o3 modeli göstərib - bu model tibbi tapşırıqların 85.5%-ni düzgün yerinə yetirib. Müqayisə üçün, real həkimlər bu tapşırıqlarda təxminən 20% uğur göstəricisinə malik olublar. Lakin qeyd edilməlidir ki, test zamanı həkimlərin arayış mənbələrinə çıxışı olmayıb və onlar həmkarları ilə məsləhətləşə bilməyiblər - bu isə real şəraitdə onların effektivliyini artırardı. Qeyd olunmağa dəyər digər bir məqam odur ki, süni zəka agentləri diaqnostika zamanı iqtisadi amilləri də nəzərə alıblar - lazımsız testlərin sayını azaldaraq bəzi hallarda nəzəri olaraq 100 minlərlə dollar qənaət edə biliblər.