Netcraft şirkətinin tədqiqatçıları müəyyən ediblər ki, ChatGPT və digər çat-botlar istifadəçilər onlardan böyük şirkətlərin rəsmi sayt ünvanlarını soruşduqda tez-tez səhvlərə yol verirlər. Testlər zamanı GPT-4.1 modeli düzgün URL ünvanını yalnız halların 66%-ində təqdim edib. Qalan hallarda isə ya mövcud olmayan səhifələrə yönləndirmə olub (29%), ya da legitim, lakin istifadəçinin axtardığı sayta aid olmayan səhifələr göstərilib (5%). Netcraft şirkətinin təhdidlərin araşdırılması şöbəsinin rəhbəri Rob Duncan izah edib ki, bu cür səhvlər dələduzlar üçün yeni imkanlar yaradır.
Əgər süni zəka işləməyən bir domen təqdim edərsə, kibercinayətkarlar həmin domeni qeydiyyatdan keçirib fişinq səhifəsi yarada bilərlər. Problem ondadır ki, çat-botlar sözləri və assosiasiyaları təhlil edirlər, lakin saytların nüfuzlarını yoxlamırlar. Məsələn, ChatGPT bir dəfə Wells Fargo bankının saytı ilə bağlı sorğuya cavab olaraq əvvəllər fişinq hücumlarında istifadə olunmuş saxta bir səhifənin ünvanını təqdim edib. Duncan-ın sözlərinə görə, kibercinayətkarlar öz metodlarını yeni reallıqlara uyğunlaşdırırlar, çünki istifadəçilər getdikcə daha çox axtarış sistemləri əvəzinə süni zəkaya güvənirlər və çat-botların səhv edə biləcəklərini nəzərə almırlar.